Skolioz

Skolioz – onurğa sütununun əyriliyidir. Skolioz xəstəliyi zamanı onurğa yana əyilir və öz oxu ətrafında burulur. Onurğa yana əyilirsə, bu ilk öncə təbii görünən deformasiya kimi özünü biruzə verir. Lakin valideynlər çox vaxt bu əyriliyi xəstəliyin inkişaf etmiş mərhələsində müəyyən edə bilirlər. Skolioz xəstəliyinin inkişaf etmiş mərhələsi əyrilik qüsuru ilə yanaşı, daxili orqanların sıxılmasına və normal fəaliyyətində problemlər yarada bilər. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən, bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən döş və bel nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafı onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasına gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin ümumi yayılma tezliyi 2-3%, 6-14 yaşlı uşaqlar arasında 0.5%, 12-14 yaşlı yeniyetmələr arasında isə 1.2% təşkil edir. Yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 9-12 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir. Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən, nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşünə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:

1. Bir çiyin və ya bud-çanaq oynağı digərlərindən yuxarıda yerləşir.

2. Bir kürək sümüyü digərindən yuxarıda yerləşə bilər.

3. Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır.

4. Deformasiyanın qabarıq tərəfində “qabırğa donqarlığının” əmələ gəlməsi

5. Bir qol digərindən uzun görünür.

6. Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyi

Rentgenoqrammalara əsasən, həkimlər skoliotik deformasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcəyə bölürlər : 1-ci dərəcəli – 0-20 dərəcə 2-ci dərəcəli – 21-35 dərəcə 3-cü dərəcəli – 35-50 dərəcə 4-cü dərəcəli – 50-70 dərəcə